Страницы

воскресенье, 23 февраля 2014 г.



                    Toponimlər – tarixi öyrənmək üçün mühüm mənbədir.

     2012-ci ilin payızında Milli Məclis tərəfindən belə bir təşəbbüs irəli sürüldü
ki, tələffüzü çətin olan və ya gülünc səslənən toponimlərin dəyişdirilməsi məsələsi
gündəmə çıxarılsın. Bu toponimlərin sırasında Ağdam rayonunda yerləşən
Ətyeməzli və Cinli kəndlərinin adları da çəkildi.
 
     Həmin toponimləri tədqiq etməzdən əvvəl, ümumiyyətlə, toponimlərin
daşıdığı yükü yada salaq:

    1.Ən əsası odur ki, toponimlər özündə xalqın etnogenezini daşıyır. Belə ki,
toponimlər vasitəsi ilə biz bu və ya digər ərazidə hansı xalqın, tayfa və ya
oymağın yaşadığını müəyyən edirik. Məsələn, Ağcabədi rayonunun Avşar
kəndi. Bizə məlum olur ki, bu kənd Oğuzların Avşar boyuna mənsub olan
ailələr tərəfindən salınıb.

    2.Toponimlər bizə insanların məşğuliyyəti barədə məlumat verir. Məsələn,
Şərur rayonunun Dəmirçi kəndi.Bu oykonim etnotoponim olmaqla bərabər,
eyni zamanda, etnosun əsas məşğuliyyət sahəsini də özündə daşıyır.
   
    3. Toponimlər özündə ərazinin relyef quruluşu haqqında məlumat daşıyır.
Belə ki, əraziyə bələd olmayan şəxs belə toponim vasitəsi ilə yerin
quruluşu barədə malumat alır. Buna, Ağdam rayonu ərazisində Uzundərə
oronimini misal göstərmək olar.

    4.Toponimlərin sadalanması mümkün olan məna yüklərindən biri də əhalinin
miqrasiyası barədə məlumat verməsidir. Nümunə kimi həm Naxçıvan, həm
də Ağdam rayonu ərazisində yerləşən Kəngərli toponimlərinə nəzər
yetirmək olar: Bu nümunədən məlum olur ki, bu oykonimlər eyni tayfanın
nümayəndələrinin yaşamış olduğu ərazinin adlarıdır. Ehtimal etmək olur ki,
sözügedən tayfa ya ictimai-siyasi ya da sosial-iqtisadi vəziyyətlə əlaqədar
olaraq pərakəndə düşmüş, başqa-başqa ərazilərdə oturaq həyata keçmiş və
bununla da yaşayış məntəqələrinin əsasını qoymuşlar...
 
   ...Toponimlərin daşıdığı məlumat yükünü sadalamaqla bitməz.Toponimlər
mühüm tarixi-etnoqrafik mənbə hesab olunur. Buna görə də toponimlərə toxunmaq
əvəzinə onların tədqiqinə xüsusi diqqət yetirmək lazımdır. Onları dəyişdirməklə,
mühüm tarixi mənbələri məhv etmiş olarıq. Onsuz da istilalarla əlaqədar olaraq,
Azərbaycan tarixinə dair mənbələr azlıq təşkil edir. Əlimizdə olmuş mənbələrin bir
qismi isə imperialist “tarixçilər”i tərəfindən “redaktə” edilərək bizə təqdim edilib.
Odur ki, hansı mənbəni açırıqsa erməni amili ilə rastlaşırıq. Tariximizi toponimlərlə bərpa etmək mümkündür.Buna görə də bu məsələyə ehtiyatla yanaşıb araşdırmaq lazımdır, nəinki kor-koranə dəyişdirmək

 ... Bizim imtina etdiyimiz hər bir toponimdən bizə dost olmayan erməni tarixçiləri məharətlə istifadə edirlər.

Buna misal olaraq, Həsənəkən toponiminin erməniləşdirilərək “Hasanakan”,
Ərzəkəndi Arzakan, Şınıx kəndinin adını (indiki Ermənistan ərazisində) Şnox kimi
təqdim edilməsində görmək olar.

     Biz anlamalıyıq ki, toponimləri dəyişdirməklə, ən azından, həmin ərazinin 3-4
əsrlik tarixinin üstündən xətt çəkmiş oluruq. Beləcə, tariximizi dərinləşdirmək
əvəzinə, onu dayazlaşdırır, ulu babalarımızın izlərini məhv edirik.

    İndi isə Ağdam rayonu ərazisində adlarının dəyişdirilməsi nəzərdə tutulan
kəndlər haqqında:
    
    Ətyeməzli – Ağdam rayonunun Qiyaslı inzibati ərazi vahidində kənd. Bu
kəndin əsl adı Atyeməzlidir, “at əti yeməyənlər” deməkdir. Bəzi tədqiqatçıların
fikrincə, Nadir Şahın 1736-cı ildə – Suqovuşan qurultayından sonra Xorasana
sürgün etdiyi tayfaların içərisində bu tayfa da sürgün edilib. Nadir Şahın
ölümündən sonra geri qayıdan bu tayfa Xorasan əyalətində məskun olduğu
Atyeməzli mahalının adını özü ilə götürüb. Bu fikir doğru olmaya bilər. Çünki,
1727-ci ilə aid “Gəncə - Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə “Ətyeməzli” adı
ilə bu tayfa qeyd olunub. Mümkündür ki, bu tayfa Xorasandan gəlsin, amma
Nadirin şah taxtına çıxmasından xeyli əvvəl gəldiyi dəqiqdir.
 
      Ad etnosa əksər hallarda kənar (qonşu) etnoslar tərəfindən verilir. Azərbaycan
ərazisində at əti yemək adi hal deyildir ki, bu tayfa at əti yemədiyinə görə fərqli
görünsün və “at əti yeməyənlər” və ya “atyeməzli” adlandırılsın. Bu nöqteyi
nəzərdən “Atyeməzli” toponiminin formalaşması prosesi Azərbaycan ərazisində
getməyib. Bu adı götürmək və ya almaq üçün at əti yeməməklə ümumi toplumdan
seçilmək lazımdır. Bu isə Mərkəzi Asiyada və ya ona yaxın bir ərazidə, məsələn;
İranın şimali-şərqində – Xorasan vilayətində mümkündür. Belə ki, Mərkəzi Asiya
türklərində at əti yemək adi haldır. Bu tayfa isə digər türk tayfalarından fərqli
olaraq, at ətindən istifadə etmədiyi üçün çoxluq tərəfindən “atyeməzlər”
adlandırılıb. Türkiyə ərazisində Samsun, Sivas və Kastamonu vilayətlərində də
Ətyeməzli (Etyemezli) kəndləri mövcuddur. Türk tarixçiləri Samsundakı
Ətyeməzlinin (Etyemezli) əslində “Ət ceməz” (Et cemez) olduğunu vurğulayırlar.
Sivasdakı Ətyeməzli (Etyemezli) kəndinin adını isə Ətyeməz (Etyemez) Babanın
adı ilə bağlayırlar. Bu tayfaların Qarabağ “ətyeməz”ləri ilə eyni kökdən olması və
vaxtı ilə Xorasandan gəlmələri mümkündür.
    
     Cinli – Ağdam rayonunun Əlimədətli inzibati ərazi vahidində kənd. Mənbələrin
verdiyi məlumata görə, ilkin türk dövründə, yəni III əsrdə, şimaldan Gürcüstan
ərazisinə Çin Bakurun başçılığı altında gəlmiş cinlilərə (çin/çenlilərə) yaşamaq
üçün Orbet qalası (gürcü dilindən tərcümədə “Qartal yurdu”) və ətraf ərazilər
verilmişdir. Cinlilərin başçıları da orta əsrlərdə həmin qalanın adı ilə Orbelianlar
adlanmışlar. Cinlilər özləri Orbet qalasını “Üç ox” adlandırmışlar ki, indi də

gürcülər ona Şamşvilde (gürcücə “Üç ox”) deyirlər. Onlar Çin Türküstanından
(Şərqi Türküstan) gəldiklərinə görə çinli (cinli) adlanmış, bu elin etnik adı Üç
oxdur ki, bu da həm “Kitabi-Dədə Qorqud”da, həm Mahmud Qaşqarinin “Divani lüğət
it- türk” əsərində, həm də Fəzlullah Rəşidəddinin “Oğuznamə” əsərində
Oğuzların bir qolunun Üç ox(İç ox) adlanması və özündə 12 boyu birləşdirməsi ilə
təsdiqlənir. XI əsrə aid mənbədə yazılır ki, Dvində oturan ərəb valisi Mərvan ibn
Məhəmməd (686-705) 696-cı ildə xəzərlərə qarşı səfərə çıxaraq “Çenlərin ölkəsinə”
Kür sahilinə gəlib çatmış və çayın sol sahilində yaşayan çenlərin hökmdarından 90
min qulluqçu qadın istəmişdir. Buradan da məlum olur ki cinlilər böyük bir el,
tayfa ittifaqı olmuşdur. Cənubi Qafqazda xristianlığın yayılması ilə Cinliləri bir
qismi xristianlığı qəbul etmiş və yayılma arealından asılı olaraq ya gürcüləşmiş və
ya erməniləşmiş, digər bir qismi isə İslamı dinini qəbul etmiş və müsəlman olan
digər türk tayfaları ilə qaynayıb qarışmışdır. XVIII əsrin sonlarında isə gürcü
çarının tabeliyindən çıxaraq, kəngərlilərlə birlikdə Qarabağ xanlığının dağətəyi və
düzən ərazilərinə köçmüşlər. Goranboy rayonu ərazisindəki Cinli Boluslu, yəni
“Bolnisidən gəlmiş cinlilər”, Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində
mövcud olmuş “Cincavat” (Cavaxetiyadan gəlmiş cinlilər) toponimləri buna əyani
sübutdur.
 
    Goranboy rayonundakı Cinli Boluslu kəndinin adı artıq dəyişdirilərək, Boluslu
qoyulub. Bununla da, minillik tarixə malik tayfanın adının üstündən xətt çəkilib...

     Hər iki kənd – həm Cinli, həm də Atyeməzli (Ətyeməzli) erməni işğalı
altındadır. Buna görə də, toponimlərin dəyişdirilməsi daha da təhlükəlidir.
 
     Beləliklə, Ağdam rayonu ərazisində yerləşən bu kəndlərin adlarını
dəyişdirməklə biz bu gün ən azından iki böyük səhvə yol veririk:
 
     Birinci səhv ondan ibarətdir ki, biz həmin kəndlərin tarixini dayazlaşdırmaqla
yanaşı, Azərbaycan xalqının formalaşmasında iştirak etmiş türk tayfalarını tarixin
səhnəsindən silib atırıq. Halbuki, bu tayfaların adlarına erkən orta əsrlərdən
başlayaraq müxtəlif mənbələrdə rast gəlmək mümkündür.
 
     Ikinci və ən dəhşətli səhv isə biz erməni tarixçilərinə fürsət veririk ki, onlar
həmin kəndlərin adlarını erməni tələffüzünə uyğunlaşdırıb təqdim etsinlər. Bununla
da dünyaya car çəksinlər ki, Qarabağda mövcud olan toponimlərin böyük
əksəriyyəti erməni toponimləridir, Azərbaycan tarixçiləri isə bu toponimləri
dəyişdirməklə tarixi saxtalaşdırırlar.
 
    Yaxşı olar ki, Milli Məclisin Toponimika komissiyası toponimləri
dəyişdirməzdən əvvəl, bu sahənin mütəxəssisləri ilə məsləhətləşsinlər, müzakirələr
aparsınlar.

                                                                            Nurlan Aslanov.



Комментариев нет:

Отправить комментарий