![]() |
Aslanov Nurlan |
Ermənilər tərəfindən Qarabağda dəyişdirilmiş
toponimlər
Qarabağ müharibəsi nəticəsində (1988-1994-cü
illər) Ağdam rayonunun təqribən 78 % - i erməni işğalına məruz qalıb. Rayonun
122 kəndindən 87-si (rayon mərkəzi – Ağdam şəhəri də daxil olmaqla) hal-hazırda erməni hərbi qüvvələrinin nəzarəti
altındadır. İşğal olunmuş digər ərazilər kimi, Ağdam rayonunun ərazisində də
ermənilər məskunlaşıblar. Ağdam ərazisində məskunlaşan ermənilər, əsasən,
keçmiş DQMV-nin Mardakert rayonunun təmas xəttində yerləşən kəndlərinin sakinləridir.
Onların əvvəl yaşadıqları kəndlər sözügedən müharibə zamanı hərbi əməliyyatların
fəal aparıldığı ərazilər olduğundan dağıntılara məruz qalmışıdır. Bu ərazilər hal-hazırda
yaşayış üçün təhlükəli hesab olunur. Bu səbəbdən, həmin kəndlərin sakinləri təmas
xəttindən bir qədər aralı ərazilərdə özlərinə yeni yaşayış “məskən”ləri salırlar. Onlar bu “məskən”ləri boş ərazilərdə
deyil, müharibəyə qədər azərbaycanlıların yaşadığı kəndlərin ərazilərində
salırlar. Bu isə öz növbəsində saxtalaşdırma ilə müşahidə olunur. Azərbaycanlılara
məxsus maddi-mədəniyyət abidələri dağıdılır,“yeni erməni mədəniyyəti” yaradılır. Ən böyük
saxtalaşdırma isə həmin kəndlərin adlarının dəyişdirilməsidir...
“Yeni sakinlər” özləri ilə yeni adlar gətirirlər.
Onlar əvvəlki yaşayış məntəqələrinin adlarını hal-hazırda məskunlaşdıqları kəndlərə
verirlər. Bir qayda olaraq, həmin adların əvvəlinə “nor” ( ermənicə: yeni)
artırırlar: Nor Karmirovan, Nor Seysulan və s.. Müharibəyə qədər Azərbaycan
dilinin qrammatikasına uyğun olan adlar beləcə dəyişdirilir. “-dağ”, “-dərə”,
“-çöl”, “-düz” hissələri oronimlərdən, “-çay”, ” –göl” və s. hidronimlərdən,
“-kənd”, “-lı” “-lar” və s. oykonimlərdən
tamamən silinmiş, ya da erməni dilinə hərfi ( kalka) tərcümə edilmişdir. Çap
olunan xəritələrdə, kitablarda, qəzetlərdə, jurnallarda bu ərazilər yeni adları
ilə təqdim olunur. Azərbaycan xalqının izləri Qarabağdan silinir, bura erməni
torpağı kimi qələmə verilir. Qeyd olunan vəsaitlər tək Dağlıq Qarabağ və Ermənistsnda
deyil, dünyanın bir sıra ölkələrində yayımlanmaqdadır. Bu saxtakarlıqların nəticəsi
olaraq, dünya ictimaiyyətində Bölgə ilə bağlı yanlış təsəvvürlər formalaşır.
Bu adların nə zaman, hansı şəraitdə dəyişdirildiyini,
əvvəlki və yeni adların hansı mənanı ifadə etdiyini, yeni adların hansı ərazilərdən
gətirildiyini qeydə alıb, dünya ictimaiyyətinə çatırmaq ən vacib məsələlərdəndir.
Ermənilər tərəfindən adları dəyişdirilmiş yaşayış məntəqələri
aşağıdakılardır:
Ağdam
şəhəri. Eyniadlı rayonun mərkəzidir. Həsən Qaradaği qeyd edir ki, Pənah
xanın atası İbrahimxəlil ağanın Ağdamda tağbənd damı varmış. Damın üstü ağ
olduğu üçün yer Ağdam adını bu damdan götürüb. Digər bir qrup tədqiqatçı isə
Ağdamın adına 1357-ci ilə aid mənbədə rast gəlindiyini qeyd edir. 2010-cu ildə
ermənilər “Ağdam” adını “Akna“ adı ilə əvəz edərək, onu Əskəranın
kvartallarından (məhəllələrindən) biri elan ediblər. “Akna” erməni dilində “mənbə”,
“başlanğıc” mənasını verən “akunk”
sözündəndir.
Papravənd – Ağdam rayonunun eyniadlı inzibati ərazı vahidində
kənd. Oykonim Qarabağ xanlığının siyasi həyatında mühüm rol oynamış kolanı
tayfasının papravənd tirəsinin adı ilə bağlıdır. Xalq etimologiyasına görə, “papravənd”
sözü “papırəhməd” sözünün təhrif olunmuş formasıdır. Bildirilir ki, “papır”
sözü “ayağı yekə” mənasındadır. Hal-hazırda bu kənddə keçmiş DQMV-nin Mardakert
rayonunun Qırmızıkənd və ya Karmiravan (ermənicə “karmir” (qırmızı) və “van” (kənd,
qəsəbə) sözlərindən) kəndinin əhalisi yaşayır. “Papravənd” adı “Nor Karmiravan”
(Tərcümədə: Yeni Qirmızıkənd) adı ilə əvəz edilmişdir. Qırmızıkənd və ya
Karmiravan təmas xəttində yerləşdiyindən yaşayış üçün təhlükəli hesab olunur.
Boyəhmədli
– Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Əvvələr “Qavartu
Boyəhmədli” adlanıb. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, 1795-97-ci illərdə
baş vermiş siyasi hadisələrlə əlaqədar Qazax mahalından köçüb Qarabağa gəlmiş
tayfalardan biri də boyəhmədli tayfası olmuşdur və kənd həmin tayfanın adını
daşıyır. Bir şeyi də qeyd etmək lazımdır ki, 1727-ci ilə aid “Gəncə -Qarabağ
vilayətinin müfəssəl dəftəri”ndə (“maliyyə dəftəri”) Qavartu çayının kənarında boyəhmədli
tayfasının əkinçiliklə məşğul olduğu qeyd olunur. Etnotoponimdir, “Əhmədin
boyu” mənasını verir. Bu kəndin ərazisində əvvəllər DQMV-nin Mardakert, indi isə
Tərtər rayonuna daxil olan Həsənqaya (ermənilərə görə, Aykacur) kəndinin erməniləri
yaşayırlar. Boyəhmədli kəndinin adı dəyişdirilərək, “Nor Aykacur” (Yeni
Aykacur) qoyulmuşdur. Onların əvvəlki yaşayış məskənləri, yəni, Həsənqaya və ya
Aykacur kəndi isə Azərbaycan Respublikasının öz nəzarətindədir.
Qızıl
Kəngərli – Ağdam
rayonunun Boyəhmədli inzibati ərazi vahidində kənd. Xaçınçay çayının sahilində
yerləşir. Əsl adı Qızıllı Kəngərlidir. Oykonim XVII əsrdə Qazax mahalından
Qarabağa köçüb gəlmiş kəngərlilərin qızıllı tirəsinin adındandır. Q. Qeybullayev
“Топономия Азербайджана” (“Azərbaycan toponomiyası”) əsərində qeyd edir ki, Cənubi
Qafqazda kəngərlərin (kəngərlilərin) adına ilk dəfə V əsr erməni mənbələrində
rast gəlinir. O, kəngərliləri peçeneqlərin bir qolu hesab edir. 1727-ci ilə aid
“maliyyə dəftəri”ndə qeyd edilir ki, vaxtı liə kəngərlilərin Qarabağda
qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına
sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar. Bu kəndin ərazisində keçmiş DQMV-nin Mardakert
rayonuna daxil olan Marağa (ermənilərə görə, Maraqaşen ) kəndindən olan ermənilər
yaşayırlar. Kəndin adını “Nor Marağa” (Yeni Marağa) adı ilə əvəz ediblər. Qeyd
etmək lazımdır ki, Marağa kəndi 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən
sonra İrandan Şimali Azərbaycana köçürülmüş ermənilər tərəfindən salınmışdır.
Mollalar
– Ağdam rayonunun Əlimədədli inzibati ərazi vahidində kənd. Oykonim “mollalar nəslinə
mənsub olanlar” mənasındadır. Hal-hazırda kənddə ermənilər yaşayırlar. Onların əvvəlki
məskənləri keçmiş DQMV-in Mardakert rayonunun Seysulan kəndidir. Mollalar kəndinin
də adı digər kəndlərin adları kimi dəyişdirilib. Ermənilər buranı “Nor Seysulan”
(Yeni Seysulan) adlandırıblar. İlk baxışdan “seysulan” erməni sözü kimi görünə
bilər, amma bu söz “Seyid Sultan”ın təhrif olunmuş formasıdır. Belə ki, 1727-ci
ilə aid “maliyyə dəftəri”ndə Keştək nahiyəsində Seyid Sultan kəndi kimi qeyd olunur.
Bu dini adın (“seyid”in) İslamla bağlı olması və ermənilərə, o cümlədən,
xristianlığa heç bir aidiyyatının
olmaması məlum məsələdir. Demək, Seysulan kəndi də nə vaxtsa müsəlman kəndi
olub, hansı şəraitdə erməniləşməsi isə məlum deyil.
Məqalədə qeyd olunan yaşayış məntəqələri,
ermənilər tərəfindən adları dəyişdirilmiş oykonimlərin kiçik bir qismidir. Belə
ki, Qarabağ ərazisində üç yüzə yaxın toponim dəyişdirilib. Bu siyahı günü-gündən
artır. Suriyadan, Livandan, Rusiyadan Qarabağa ermənilər köçürülür,
torpaqlarımız gözümüzün önündə süni şəkildə erməniləşdirilir. Toponomist alimlər
Qarabağ toponimlərinin keçmiş və bu günkü vəziyyətini ən incə detalları ilə
araşdırmalı və geniş oxucu kütləsinə təqdim etməlidirlər. Bu iş Azərbaycan müstəvisində
deyil, səfirliklər, diplomatik nümayəndəliklər vasitəsilə ABŞ-da, Rusiyada,
Avropa ölkələrində aparılmalıdır. Toponimlərin tədqiqində daha çox xalq
etimologiyasına, müxtəlif səpkili, hətta səhv sayılan, mülahizələrə müraciət
olunmalıdır. Mümkündürsə, toponimin açlımını bir neçə variantda verməlidir, nəticə
çıxarmağı oxucunun ixtiyarına buraxmalıdır.