Страницы

среда, 18 июня 2014 г.

Aslanov Nurlan


                    Ermənilər tərəfindən Qarabağda dəyişdirilmiş toponimlər
    Qarabağ müharibəsi nəticəsində (1988-1994-cü illər) Ağdam rayonunun təqribən 78 % - i erməni işğalına məruz qalıb. Rayonun 122 kəndindən 87-si (rayon mərkəzi – Ağdam şəhəri də daxil olmaqla)  hal-hazırda erməni hərbi qüvvələrinin nəzarəti altındadır. İşğal olunmuş digər ərazilər kimi, Ağdam rayonunun ərazisində də ermənilər məskunlaşıblar. Ağdam ərazisində məskunlaşan ermənilər, əsasən, keçmiş DQMV-nin Mardakert rayonunun təmas xəttində yerləşən kəndlərinin sakinləridir. Onların əvvəl yaşadıqları kəndlər sözügedən müharibə zamanı hərbi əməliyyatların fəal aparıldığı ərazilər olduğundan dağıntılara məruz qalmışıdır. Bu ərazilər hal-hazırda yaşayış üçün təhlükəli hesab olunur. Bu səbəbdən, həmin kəndlərin sakinləri təmas xəttindən bir qədər aralı ərazilərdə özlərinə yeni yaşayış “məskənləri salırlar. Onlar bu “məskən”ləri boş ərazilərdə deyil, müharibəyə qədər azərbaycanlıların yaşadığı kəndlərin ərazilərində salırlar. Bu isə öz növbəsində saxtalaşdırma ilə müşahidə olunur. Azərbaycanlılara məxsus maddi-mədəniyyət abidələri dağıdılır,yeni erməni mədəniyyəti” yaradılır. Ən böyük saxtalaşdırma isə həmin kəndlərin adlarının dəyişdirilməsidir...
     “Yeni sakinlər” özləri ilə yeni adlar gətirirlər. Onlar əvvəlki yaşayış məntəqələrinin adlarını hal-hazırda məskunlaşdıqları kəndlərə verirlər. Bir qayda olaraq, həmin adların əvvəlinə “nor” ( ermənicə: yeni) artırırlar: Nor Karmirovan, Nor Seysulan və s.. Müharibəyə qədər Azərbaycan dilinin qrammatikasına uyğun olan adlar beləcə dəyişdirilir. “-dağ”, “-dərə”, “-çöl”, “-düz” hissələri oronimlərdən, “-çay”, ” –göl” və s. hidronimlərdən, “-kənd”, “-lı” “-lar” və s.  oykonimlərdən tamamən silinmiş, ya da erməni dilinə hərfi ( kalka) tərcümə edilmişdir. Çap olunan xəritələrdə, kitablarda, qəzetlərdə, jurnallarda bu ərazilər yeni adları ilə təqdim olunur. Azərbaycan xalqının izləri Qarabağdan silinir, bura erməni torpağı kimi qələmə verilir. Qeyd olunan vəsaitlər tək Dağlıq Qarabağ və Ermənistsnda deyil, dünyanın bir sıra ölkələrində yayımlanmaqdadır. Bu saxtakarlıqların nəticəsi olaraq, dünya ictimaiyyətində Bölgə ilə bağlı yanlış təsəvvürlər formalaşır.
   Bu adların nə zaman, hansı şəraitdə dəyişdirildiyini, əvvəlki və yeni adların hansı mənanı ifadə etdiyini, yeni adların hansı ərazilərdən gətirildiyini qeydə alıb, dünya ictimaiyyətinə çatırmaq ən vacib məsələlərdəndir.
Ermənilər tərəfindən adları dəyişdirilmiş yaşayış məntəqələri aşağıdakılardır:
      Ağdam şəhəri. Eyniadlı rayonun mərkəzidir. Həsən Qaradaği qeyd edir ki, Pənah xanın atası İbrahimxəlil ağanın Ağdamda tağbənd damı varmış. Damın üstü ağ olduğu üçün yer Ağdam adını bu damdan götürüb. Digər bir qrup tədqiqatçı isə Ağdamın adına 1357-ci ilə aid mənbədə rast gəlindiyini qeyd edir. 2010-cu ildə ermənilər “Ağdam” adını “Akna“ adı ilə əvəz edərək, onu Əskəranın kvartallarından (məhəllələrindən) biri elan ediblər. “Akna” erməni dilində “mənbə”,  “başlanğıc” mənasını verən “akunk” sözündəndir.
    Papravənd – Ağdam rayonunun eyniadlı inzibati ərazı vahidində kənd. Oykonim Qarabağ xanlığının siyasi həyatında mühüm rol oynamış kolanı tayfasının papravənd tirəsinin adı ilə bağlıdır. Xalq etimologiyasına görə, “papravənd” sözü “papırəhməd” sözünün təhrif olunmuş formasıdır. Bildirilir ki, “papır” sözü “ayağı yekə” mənasındadır. Hal-hazırda bu kənddə keçmiş DQMV-nin Mardakert rayonunun Qırmızıkənd və ya Karmiravan (ermənicə “karmir” (qırmızı) və “van” (kənd, qəsəbə) sözlərindən) kəndinin əhalisi yaşayır. “Papravənd” adı “Nor Karmiravan” (Tərcümədə: Yeni Qirmızıkənd) adı ilə əvəz edilmişdir. Qırmızıkənd və ya Karmiravan təmas xəttində yerləşdiyindən yaşayış üçün təhlükəli hesab olunur.
     Boyəhmədli – Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Əvvələr “Qavartu Boyəhmədli” adlanıb. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, 1795-97-ci illərdə baş vermiş siyasi hadisələrlə əlaqədar Qazax mahalından köçüb Qarabağa gəlmiş tayfalardan biri də boyəhmədli tayfası olmuşdur və kənd həmin tayfanın adını daşıyır. Bir şeyi də qeyd etmək lazımdır ki, 1727-ci ilə aid “Gəncə -Qarabağ vilayətinin müfəssəl dəftəri”ndə (“maliyyə dəftəri”) Qavartu çayının kənarında boyəhmədli tayfasının əkinçiliklə məşğul olduğu qeyd olunur. Etnotoponimdir, “Əhmədin boyu” mənasını verir. Bu kəndin ərazisində əvvəllər DQMV-nin Mardakert, indi isə Tərtər rayonuna daxil olan Həsənqaya (ermənilərə görə, Aykacur) kəndinin erməniləri yaşayırlar. Boyəhmədli kəndinin adı dəyişdirilərək, “Nor Aykacur” (Yeni Aykacur) qoyulmuşdur. Onların əvvəlki yaşayış məskənləri, yəni, Həsənqaya və ya Aykacur kəndi isə Azərbaycan Respublikasının öz nəzarətindədir.
       Qızıl Kəngərli – Ağdam rayonunun Boyəhmədli inzibati ərazi vahidində kənd. Xaçınçay çayının sahilində yerləşir. Əsl adı Qızıllı Kəngərlidir. Oykonim XVII əsrdə Qazax mahalından Qarabağa köçüb gəlmiş kəngərlilərin qızıllı tirəsinin adındandır. Q. Qeybullayev “Топономия Азербайджана” (“Azərbaycan toponomiyası”) əsərində qeyd edir ki, Cənubi Qafqazda kəngərlərin (kəngərlilərin) adına ilk dəfə V əsr erməni mənbələrində rast gəlinir. O, kəngərliləri peçeneqlərin bir qolu hesab edir. 1727-ci ilə aid “maliyyə dəftəri”ndə qeyd edilir ki, vaxtı liə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar.  Bu kəndin ərazisində keçmiş DQMV-nin Mardakert rayonuna daxil olan Marağa (ermənilərə görə, Maraqaşen ) kəndindən olan ermənilər yaşayırlar. Kəndin adını “Nor Marağa” (Yeni Marağa) adı ilə əvəz ediblər. Qeyd etmək lazımdır ki, Marağa kəndi 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra İrandan Şimali Azərbaycana köçürülmüş ermənilər tərəfindən salınmışdır.
        Mollalar – Ağdam rayonunun Əlimədədli inzibati ərazi vahidində kənd. Oykonim “mollalar nəslinə mənsub olanlar” mənasındadır. Hal-hazırda kənddə ermənilər yaşayırlar. Onların əvvəlki məskənləri keçmiş DQMV-in Mardakert rayonunun Seysulan kəndidir. Mollalar kəndinin də adı digər kəndlərin adları kimi dəyişdirilib. Ermənilər buranı “Nor Seysulan” (Yeni Seysulan) adlandırıblar. İlk baxışdan “seysulan” erməni sözü kimi görünə bilər, amma bu söz “Seyid Sultan”ın təhrif olunmuş formasıdır. Belə ki, 1727-ci ilə aid “maliyyə dəftəri”ndə Keştək nahiyəsində Seyid Sultan kəndi kimi qeyd olunur. Bu dini adın (“seyid”in) İslamla bağlı olması və ermənilərə, o cümlədən, xristianlığa heç bir  aidiyyatının olmaması məlum məsələdir. Demək, Seysulan kəndi də nə vaxtsa müsəlman kəndi olub, hansı şəraitdə erməniləşməsi isə məlum deyil.
      Məqalədə qeyd olunan yaşayış məntəqələri, ermənilər tərəfindən adları dəyişdirilmiş oykonimlərin kiçik bir qismidir. Belə ki, Qarabağ ərazisində üç yüzə yaxın toponim dəyişdirilib. Bu siyahı günü-gündən artır. Suriyadan, Livandan, Rusiyadan Qarabağa ermənilər köçürülür, torpaqlarımız gözümüzün önündə süni şəkildə erməniləşdirilir. Toponomist alimlər Qarabağ toponimlərinin keçmiş və bu günkü vəziyyətini ən incə detalları ilə araşdırmalı və geniş oxucu kütləsinə təqdim etməlidirlər. Bu iş Azərbaycan müstəvisində deyil, səfirliklər, diplomatik nümayəndəliklər vasitəsilə ABŞ-da, Rusiyada, Avropa ölkələrində aparılmalıdır. Toponimlərin tədqiqində daha çox xalq etimologiyasına, müxtəlif səpkili, hətta səhv sayılan, mülahizələrə müraciət olunmalıdır. Mümkündürsə, toponimin açlımını bir neçə variantda verməlidir, nəticə çıxarmağı oxucunun ixtiyarına buraxmalıdır.